Qurban Qurbanov finalda
İspaniyanın Pontevedra şəhərindəki güləş üzrə U-23 dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. Məmmədli 1/8 finalda hindistanlı Sumit Sumitdən güclü olub - 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoya qalib gələrək (4:1) adını yarımfinala yazdırıb. Milli üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabıyla qalib gələrək finala adlayıb. Məmmədli sabah həlledici görüşdə türkiyəli Kerem Kamalla qarşılaşacaq.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevlə qarşılaşıb. O, rəqibini 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb. Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gələcək.
Bu gün həmçinin Nihad Quluzadə (55 kq) final görüşünə çıxıb. O, qızıl medal uğrunda Poya Marzla (İran) üz-üzə gəlib. Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.
63 kq-da çıxış edən Ziya Babaşov isə bürünc medal uğrunda görüşdə yaponiyalı Ryuto İkedanı sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, sonuncu xal prinsipinə əsasən, məğlub olan Azərbaycan təmsilçisi 5-ci yerə çıxıb.