Ramin Musayev: "Premyer Liqaya 3 komanda çıxsa, autsayder Diviziona düşəcək"

"Mövsümün sonunda I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi diviziona düşəcək".

Sportline.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqada cari mövsümün sonunda axırıncı yeri tutan komandanın I Diviziona düşüb-düşməyəcəyi ilə bağlı danışarkən deyib.

PFL rəsmisi bildirib ki, bu məsələdə hər şey aşağı dəstə klublarının maddi durumundan asılı olacaq: "I Diviziondan başqa, hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı Premyer Liqada iştiraka imkan versə, o zaman elitada sonuncu pilləni tutan komandanı, sözsüz ki, həmin kollektiv əvəzləyəcək. Bu, birmənalı şəkildə belə olacaq".

Musayev "Diviziondan 2 və ya 3 komanda Premyer Liqaya yüksələrsə, aşağı dəstədə onları hansı klublar əvəzləyəcək" sualına isə belə cavab verib: "Planda var ki, divizionda da bölgə klublarının sayını artıraq. Premyer Liqaya çıxan klubların yerinə həmin kollektivlər yarışa qatıla bilərlər" (report).

Hazırda Premyer Liqada "Qəbələ" klubu 13 xalla sonuncu - 8-ci pillədədir. Yeni mövsümdən I Diviziondan "Kəpəz" və "Turan Tovuz" klublarının elitada mübarizə aparacağı gözlənilir.