"Real" və "Yuventus"un ÇL-dəki oyunları da virus qurbanı oldu

Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya), həmçinin "Lion" (Fransa) və "Yuventus" (İtaliya) komandaları arasında martın 17-də keçirilməli olan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.

İlk oyunda "Mançester Siti" səfərdə "Real Madrid"i 2:1, "Lion" isə evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, UEFA daha əvvəl Avropa Liqasının 1/8 final mərhələsinin 2 oyununu eyni səbəbdən təxirə salıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130238-ə çatıb. Bunların 68677 nəfəri sağalıb, 4756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.