Ronaldoya təklif göndərən klublar bəlli oldu

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunu tərk etmək istəyir.

Sportline.az "Diario Gol"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun xidmətində Fransa PSJ-si ilə İngiltərə "Mançester Yunayted"i maraqlıdır. 

Hər iki klub təcrübəli forvarda təklif ünvanlayıb. PSJ İspaniya "Barselona"sına dönüşü gündəmdə olan Neymarı Ronaldu ilə əvəzləmək istəyir. Lakin təcrübəli forvard 2003 - 2009-cu illərdə formasını geyindiyi "Mançester Yunayted"ə qayıtmağa daha meyllidir. Lakin bu, "qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq. "Mançester Siti"nin UEFA tərəfindən məruz qaldığı sanksiya hazırda 5-ci yerdə gedən "Mançester Yunayted"in ən nüfuzlu klub turnirinə yolunu aça bilər. 

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən 117 milyon avroya keçib. Onun hazırkı müqaviləsi 2022-ci il iyunun 30-dək qüvvədədir və transfer qiyməti 75 milyon avrodur. Bu mövsüm Ronaldu klub səviyyəsində bütün yarışlarda 32 oyunda 25 qol və 4 məhsuldar ötürmə müəllifi olub.