Sezar Meza Kolli: "Azərbaycan millisində oynamaq şərəf olardı"
"Keşlə"nin futbolçusu Sezar Meza Kolli Premyer Liqanın 18-ci turunda evdə "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, paraqvaylı futbolçu qələbəni şərh edib:
"Çətin oyun oldu. Meydanda əlimizdən gələni etdik və qalib gəldik. "Zirə"nin hansı durumda olduğu bizə maraqlı deyildi. Öz oyunumuza diqqət yetiririk".
28 yaşlı futbolçu Azərbaycan vətəndaşlığı almasından danışıb:
"Hələ heç nə baş verməyib. Hazırda "Keşlə"dəyəm. Pasportu almamışam. Azərbaycanda çox xoşbəxtəm. Bu məsələnin necə bitəcəyini isə bilmirəm. Məsələnin nə zaman həll olunacağını AFFA bilir".
Meza Kolli Azərbaycan yığmasında oynamağına müsbət yanaşdığını deyib:
"Bu, şərəf olardı. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkədə özümü yaxşı hiss edirəm. Milli üçün əlimdən gələni edərəm. Yığmaya yeni baş məşqçi təyin edilsin, o daha yaxşı bilər. Oynayıb-oynamayacağıma kimin qərar verəcəyini bilmirəm".