Şeydayev: "Çalışıram ki, adamların çox olduğu yerlərdə olmayım"

Millimizin futbolçusu Ramil Şeydayev növbəti ad gününü Vətənində qeyd etdi. Artıq bir müddətdir "Sabah"a keçən hücumçunun martın 15-də 24 yaşı tamam oldu. Ancaq ötən həftəsonu Premyer Liqamız koronavirus pandemiyasına görə uzun müddətə təxirə salındığından Ramilin budəfəki doğum günü futbolsuz dönəmə təsadüf etdi. Şeydayev müsahibəsində ilk olaraq ad gününü necə keçirməsiylə bağlı sualı cavablandırıb.

- Ad günümü qeyd etmədim. Bunun yeri yox idi. Artıq çoxdandır bu ənənəni təxirə salmışam.

- Elə isə Ramil Şeydayev hazırkı karantin vəziyyətində gününü necə keçirir? Formanı necə saxlayırsan?

- Klubda bizə proqram verdilər ki, buna əsasən hazırlığım üzərində səy göstərməliyəm. Çalışıram ki, işləyim, formamı saxlayım.

- Bu fərdi hazırlıq proqramının detallarını bilmək olarmı?

- Məxfi informasiyadır (gülür).

 - Bəs, özünü koronavirusdan necə qoruyursan?

- Daha çox evdə otururam. Çalışıram ki, adamların çox olduğu yerlərdə olmayım. Necəsə belə yollarla çalışıram.

- Yəqin ki, spirt daim yanında olar...

- Antiseptik, bəli (gülür).

- Rusiyada olan ailə üzvlərin, doğmalarınla əlaqən hər gün olar. Necədir orda vəziyyət?

- Bəli, Allaha şükür hər şey yaxşıdır.

- Hələ ki, vəziyyət belədir ki, ölkəmizdə futbol ən yaxşı halda bir aydan sonra bərpa olunacaq. Bundan sonra çempionatın səviyyəsini, komandaların durumunu necə təsəvvür edirsən? Çətinliklərin öhdəsindən necə gələcəksiniz?

- Ümid edirəm ki, hər şey normal olacaq. Ola bilər ki, ilkin olaraq bir neçə matç çətin olsun. Ancaq sonradan hər şey adi vəziyyətə qayıdacaq.
 
- Bəs, çempionatı bərpa etmək mümkün olmasa, mövsümü indidən bitirmək elan olunsa, Premyer Liqada ilk yerdə gedən 4 komanda avrokuboklara yollanmalı olsa? Bu qərarı necə qarşılayacaqsan?

- Belə qərar versələr, deməli, belə olması lazımdır. Artıq bu zaman bununla heç nə etmək olmaz. Kimsə bu qərarın düzgün olmadığını göstərsə belə, o, ləğv olunmayacaq. Ancaq əlbəttə, belə olmasını istəməzdik.

- Və son olaraq. Özünə 25 illik yubileyinədək nə arzulayırsan? Həm futbolçu karyeranda, həm də şəxsi həyatda...

- Özümə heç nə arzulamıram. Ulu Tanrı mənə həyatda nə verəsəksə, o da olacaq (sport24.az).