Tottidən rəhbərliyə sərt sözlər

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti klubun hazırkı prezidenti Ceyms Palottanı tənqid edib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o deyib ki, Palotta prezident olduğu dövrdə “Roma”nın düşərgəsinə ayağını belə basmayacaq. Bu barədə Totti keçmiş futbolçulardan Luka Toninin İnstaqramdakı canlı yayımına qatılarkən bildirib.

“Oğlum Kristianı məşqə aparanda belə bazaya getmirəm. Bəzən çöldə maşında oturub aradan keçən 30 ildən sonra içəri girmədiyimi düşünürəm. O zaman məni ağlamaq tutur. Orada hələ də çox gozəl dostlarım var. Məni görəndə salam vermək üçün çölə çıxırlar. Oğlum gəlib oyununu izləməyimi istəyir. Amma bacarmıram. Bu da məni öldürür” – deyə Totti əlavə edib.

O, karyerasını başa vurmaq qərarının özünə aid olmadığını, klub rəhbərliyinin istəyi ilə bu addımı atdığını söyləyib: “Fiziki formam yaxşı olduğu halda futbolu niyə buraxım? Yenə də “Roma”da keçən illərimə hörmət olaraq başqa təklifləri qəbul etmədim və karyeramı bitirdim. Gənc oyunçulara təcrübəmi aşılamaq və klubun bir parçası olmaqdan xoşbəxt idim. Hər şeyin bir sonu olduğunu bilirəm. Problem odur ki, bəzi insanlar bunun mənim qərarım olduğunu söylədi. Ancaq mənə başqa seçim imkanı buraxmamışdılar. Üzgünəm”.