Türkiyə, Uels və İsveçrə Bakıda stadion seçimini etdi
“Avro-2020”nin qrup mərhələsinin Bakıda keçiriləcək oyunları zamanı üç milli komandanın baza kimi istifadə edəcəyi stadionlar bəlli olub.
Sportline.az xəbər verir ki, Türkiyə milli komandası məşq bazası kimi “Bakcell Arena”nı, İsveçrə Mərdəkandakı “Dalğa Arena”nı, Uels isə Tofiq Bəhramov adına Respublika stadionunu seçib.
Əldə etdiyimiz başqa bir xəbərə görə, Uelsin baza seçimində dəyişilik də ola bilər. Millinin baş məşqçisi Rayan Giggz Suraxanı qəsəbəsindəki “Azərsun Arena”nı daha çox bəyəndiyindən bununla əlaqədar “Avro-2020”nin Təşkilat Komitəsinə müraciət edib. Qeyd edək ki, UEFA tərəfindən milli komandalara təqdim olunan və təsdiqlənən siyahıda “Azərsun Arena”nın adı olmayıb. Bu səbəbdən komitə Uelsin müraciətinə baxdıqdan sonra qərar verəcək.
Giggzin sonradan arenanı dəyişmək istəməsi isə “Qarabağ”ın bazasının onun istədiyi standartlara tam cavab verməsi ilə əlaqədardır. “Tofiq Bəhramov”dan fərqli olaraq, “Azersun Arena”da trenajor zalı da olduğundan Uels məhz sonuncunun üzərində dayanıb.
Xatırladaq ki, “Avro-2020”nin A qrupunun 3 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlar Uels – İsveçrə (13 iyun), Türkiyə - Uels (17 iyun) və İsveçrə - Türkiyə (21 iyun) görüşləridir. Bundan başqa, 1/4 finalın bir matçı da (4 iyul) Azərbaycan paytaxtında olacaq.