UEFA Azərbaycana müraciət etdi
UEFA koronavirus epidemiyasının “Avro-2020”yə mümkün təsiri ilə əlaqədar təcili toplantı keçirib.
Sportline.az Associated Press” agentliyinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Ümumdünya Səhiyyə Təşkilatından aldığı tövsiyədən sonra belə bir toplantı təşkil edib. UEFA həmin tövsiyələri nəzərə alaraq hesab edir ki, təşkilatçı şəhərlər COVID-19 virusuna yoluxmuş xəstələrə, yaxud belə bir təhlükə ilə üzləşəcək minlərlə azarkeşə kömək etmək üçün lazımi tibbi imkanlara sahib olduqları təqdirdə, “Avro-2020” matçlarına ev sahibliyi edə bilərlər.
UEFA bir daha bildirib ki, hazırda turniri ləğv etmək niyyətində deyil və oyunları azarkeşlərin tribunadakı iştirakı lə keçirmək istəyir. Məsələ ilə əlaqədar UEFA “Avro-2020”ni qəbul edəcək ölkələrin hökuməti ilə əlaqə saxlayaraq onları turnirin keçirilməsi üçün bütün lazimi tədbirlər görməyi xahiş edib.
UEFA həmçinin yarışın 2021-ci illə təxirə salınması üçün bəzi federasiyaların onlara müraciət etməsi ilə bağlı xəbərləri təkzib edib: “UEFA turnirin təxirə salınması və ya ləğvi ilə bağlı hər hansı müraciət almayıb. Biz koronavirusla bağlı yaranmış vəziyyətin ciddiyətini qəbul edirik. Hazırda virusun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və yerli hökumətlərlə sıx əladəyik”.
Xatırladaq ki, Avropa çempionatının oyunları Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçiriləcək. Azərbaycan paytaxtının A qrupunun 3 oyununu, həmçinin 1/4 finalın 1 görüşünü təşkil etməsi nəzərdə tutulub. Azərbaycanla yanaşı Rusiya, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Niderland, Rumıniya və Şotlandiya da oyunlara ev sahibliyi edəcəklər. (qol.az)