UEFA bu gün vacib qərarlar verəcək

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

Sportline.az xəbər verir ki, videokonfrans formatlı toplantıda, həm daxili yarışlar, həm də avrokuboklarla bağlı məsələlər müzakirə olunacaq.

Aprelin 21-də quruma üzv olan 55 assosiasiya ilə videokonfrans keçirilib. 

Burada həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Növbəti dəfə assosiasiyalara əsas çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Həmçinin klubların avrokuboklarda iştirakı üçün yeni təlimatlar hazırlanandan sonra istisna hallarda liqaların ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.

UEFA yekun qərarları İcraiyyə Komitəsinin iclasından sonra açıqlayacağını vurğulayıb. 

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus istisna olmaqla, bütün ölkələrin çempionatları dayandırılıb.