UEFA-nın yeni nüfuzlu turnir ideyası

UEFA və ABŞ-ın "Relevent Sport" şirkəti klublar arasında yeni böyük turnirin yaradılması istiqamətində danışıqlar aparır. 
 
Sportline.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. İddialara görə 2013-cü ildən keçirilən Beynəlxalq Çempionlar Kubokunun əsasında 2021-ci ilin yayından Yay Çempionlar Liqasının təşkili gündəmdədir. Avropa futbol qurumunun rəhbərliyi yeni turnirə rəsmi status və yarış xarakteri vermək istəyir. Təsnifat, qrup və "pley-off" mərhələlərinin keçirilməsi planlaşdırılır. 
 
Yeni layihənin İngiltərə Premyer Liqasındakı bir sıra klublara təklif olunduğu və "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul" və "Tottenhem"in razılıq verdikləri bildirilir. Bu klublar yarışda iştirak qarşılığında istədikləri məbləği də təşkilatçıların diqqətinə çatdırıblar. 
 
"Relevent Sport" Beynəlxalq Çempionlar Kubokunun təşkilatçısıdır.