UEFA prezidenti Avropa futbolunun taleyi barədə

"UEFA Çempionlar Liqası və Avropa Liqası ən gec avqustun 3-də başa çatmalıdır".

Sportline.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Sloveniya mətbuatına açıqlamasında avrokubokların bərpası ilə bağlı danışarkən deyib.

O, bildirib ki, koronavirus pandemiyası nə qədər tez başa çatarsa, matçlar da bir o qədər tez başlaya bilər: "Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var. Amma turnirlər bərpa olunmaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar keçirilməyəcək. Hər şey ölkələrin qərarlarından asılıdır". Sitatın sonu!

O, həmçinin ölkə çempionatlarındakı vəziyyətə də aydınlıq gətirib.

"İtaliya A Seriyası tamamlana bilər. Ancaq hazırda buna söz və ya zəmanət verə bilmərəm. Hökumət bizə yaşıl işıq yandırdığı zaman hər liqa üçün uyğun bir çıxış yolu tapmağa çalışacağıq. İngiltərədə isə "Liverpul"un titulsuz qalacağını düşünmürəm. Onsuz da Premyer Liqanı qazanmağa yaxın idilər. Əgər oyunların keçirilməsi alnmasa, onda hər liqaya öz çempionunu elan etmək tövsiyəsi olunacaq".