Vüsal İsgəndərli: "Bütün günü evdə oluram"

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərlinin müsahibəsi

- Ölkədə karantin rejimi daha da gücləndirilib. Belə bir şəraitdə vaxtınızı necə keçirirsiniz?

- Demək olar ki, bütün günü evdə oluram. Vaxt getmir, məşq və oyun olmadığı üçün darıxıram. Səhərlər bir saat qaçır, evdə yüngül məşq edirəm.

- Çempionat dayanmamışdan öncə yaxşı çıxış edirdiniz. Fasilə yəqin ki, sizin də çıxışınıza təsir edəcək...

- Əslində bu, məni çox narahat edir. Amma özümə inanıram. Çalışacağam ki, ən azı əvvəlki formamı qısa müddətdə qaytarım.

- Çempionat dayandırılıb və bərpa olunmama ehtimalı da var. Bu barədə nə deyə bilərsiniz?

- Bir söz deyə bilmərəm. Sadəcə, istəmirəm ki, builki əziyyətimiz yerdə qalsın. Bizim məqsədimiz var: Medalçılar sırasına düşərək, Avropa Liqasında iştirak etmək istəyirik. İnanıram ki, hər şey tezliklə düzələcək.

- Özünüz koronavirusla necə mübarizə aparırsınız və yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?

- Əsasən təmizliyə çox önəm verirəm. Maska və əlcəkdən istifadə etmirəm. Əllərimi yumaq və spirt vurmaqla qorunmağa çalışıram.

- Bəziləri spirtli içki qəbul etməyin koronavirusla mübarizədə effektiv olduğunu söyləyir. Buna münasibətin necədir?

- Bundan xəbərim yoxdur. Spirt qəbul etmirəm və içməyi xoşlamıram. Bir sözlə, içməyi bacarmıram.

- Koronavirusla mübarizə məqsədilə fond yaradılıb. “Qarabağ” klubunun baş məşqçisi, futbolçuları ora müəyyən məbləğdə yardım ediblər. Siz də belə bir addım atmağı düşünürsünüz?

- Bizdə hər kəs kasıb ailəyə və ehtiyacı olanlara köməklik edir. Bu, əvvəl də belə idi, indi də belədir. Sadəcə, komanda daxilində fonda pul ödəmək haqqında söhbət olmayıb (report).