Yılmaz Vural: "Mən Azərbaycan üçün yad deyiləm"
Türkiyəli məşqçi Yılmaz Vural "İdman" kanalında efirə gedən “Ay-ulduzlu liqa” verilişinə açıqlama verib.
Sportline.az xəbər verir ki, 67 yaşlı mütəxəssis ölkəmizdə işləməyə hazır olduğunu deyib. O, 2014-cü ildə Azərbaycan millisinin baş məşqçisi olmağa yaxın olduğunu sözlərinə əlavə edib:
"Təklif gələrsə, Azərbaycanda işləyərəm. Baş məşqçi və ya başqa vəzifədə çalışıb, təcrübəmi yerli məşqçilərlə bölüşməyə hazıram. 2014-cü ildə Azərbaycan millisinin baş məşqçisi olmağa yaxın idim. Ancaq AFFA rəsmiləri Robert Prosineçkini seçdi. Məncə, təcrübəmə ehtiyac var. Gənc məşqçiləri dünya futboluna hazırlamaq və bu yolda mütəxəssislər yetişdirmək lazımdır. Federasiya bunun üçün çalışmalıdır".
Təcrübəli mütəxəssis Azərbaycan millisinin baş məşqçi postuna əcnəbi çalışdırıcının gətirilməsinin doğru qərar olmayacağını bildirib:
"Milliyə xarici mütəxəssis gətirmək lazım deyil. Azərbaycan millisini yerli mütəxəssis çalışdırsın. Bir ölkənin millisinin uğurlu olması üçün baş məşqçi mentaliteti bilməli, oyunçuları tanımalıdır. Mən Azərbaycan üçün yad deyiləm. Eyni dildə danışırıq. Futbolda texnika və taktika ilə yanaşı, bir də mənəvi amil var".