Yohan Kroyff - 73

Bu gün əfsanəvi futbolçulardan Yohan Kroyffun anadan olduğu gündən 73 il keçir.

Sportline.az total futbolun yaradıcısı hesab edilən hollandiyalının karyerasına nəzərə salır...

1947-ci il aprelin 25-də Amsterdamda dünyaya göz açan Yohan Kroyffun uşaqlığı kasıb ailədə keçib. Atasının erkən yaşlarda ölümü balaca Kroyffu sarsıtsa da, o, “həyat davam edir” prinsipi ilə həm işləməyə, həm də sevimli hobbisi – futbolla məşğul olmağa başlayır. Texnikası ilə yaşıdlarından fərqlənən Kroyff artıq 15 yaşından “Ayaks”ın aşağı yaş qruplarında oynamağa başlayır. 1964-cü ildə paytaxt klubunun əsas heyətinə çağırılan Kroyff qısa müddətdə azarkeşlərin sevimlisinə çevrilir. 9 il ərzində 240 görüşdə vurduğu 190 qol onu bütün dünyada məşhurlaşdırır. Total futbolun yaradıcısı hesab edilən əfsanəvi “14 nömrə” “Ayaks”dan sonra “Barselona”, “Los-Anceles Azteks”, “Vaşinqton Diplomats”, “Levante” və “Feyenoord”un da şərəfini qoruyur.

Hollandiya millisində 48 oyuna 33 qol vuran futbolçu hətta 3 dəfə “Qızıl top” mükafatını qazanır. Dəfələrlə ölkə çempionatı və kubok turnirlərinin qalibi olan Kroyff “Ayaks”la əvvəllər Avropa kuboku kimi tanınan UEFA Çempionlar Liqasında 3 dəfə fəxri mükafatı qazanır.

1985-ci ildə məşqçiliyə başlayan hollandiyalı “Ayaks”, “Barselona” və “Kataloniya”nı çalışdırır. Bu dövrlərdə ilin ən yaxçşı məşqçisi adını qazanan Yohan Kroyff Kataloniya klubu ilə UEFA Çempionlar Liqasının qalibi olur. Təəssüflər olsun ki, hamının sevimlisinə çevrilən mütəxəssəsi ağır xəstəliklə mübarizə aparmalı olur. Yohan Kroyff bütün səylərə baxmayaraq ağciyər xərçənginə görə 2016-cı il martın 24-də vəfat edir.

Futbol dahisinin qurduğu böyük biznes imperiyası onun ölümündən sonra da fəaliyyət göstərir. Amsterdamda yaradılan Yohan Kroyff institutu, Kroyff  biznes məktəbi və onun adına oplan müxtəlif böyük şirkətlər hələ də fəaliyyətini davam etdirir.