"Zirə"nin legioneri: "Azərbaycan dilini öyrənirəm, amma..."

"Bütün günümü evdə keçirirəm. Noutbukda oyunlar oynayır, filmlərə baxır, musiqiyə qulaq asıram".

Sportline.a xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a açıqlamasında koronavirus pandemiyasına görə Azərbaycanda elan olunmuş karantin rejimində məşğuliyyətləri barədə danışrakən deyib.

Botsvanalı hücumçu bildirib ki, darıxmamaq üçün tez-tez dostları və ailə üzvləri ilə danışır: "Müasir texnologiya sayəsində doğmalarımla görüntülü əlaqə saxlaya bilirəm. Bu isə onlara ümid verir. Əmin olurlar ki, burada təhlükədə deyiləm".

Hazırda Bakıda tək yaşayan 26 yaşlı forvard Azərbaycan dilini bilmədiyindən, əlavə problemlərlə üzləşdiyini söyləyib: "Virusa görə bayıra çıxmaqla bağlı aidiyyatı qurumlara SMS göndərmək üçün tərcüməçidən istifadə edirəm. Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil".

Botsvana millisinin üzvü günlərinin darıxdırıcı keçdiyini vurğulayıb: "Vətənimdən uzaqda dörd divar arasında qalmışam. Mən futbolçuyam. Oyunlar olmayanda hər şey ölüm kimi darıxdırıcı olur. Ötən ayın ortalarında ölkədə futbol dayandı. Hazırda burada hərəkət məhdudiyyəti var. 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandırarlar. Xoşagəlməz vəziyyətdir və bunun nə qədər davam edəcəyi bilinmir".

Kqasvane yalnız ərzaq mağazasında alış-veriş etmək üçün evdən çıxdığını bildirib: "Xoşbəxtlikdən, binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu palatarımı geyinirəm və alış-verişə gedirəm".

Afrikalı futbolçunun sözlərinə görə, Azərbaycanda karantin elan olunmazdən əvvəl vətəninə qayıtmaq istəyib. Lakin o, sonradan başa düşüb ki, bu, təhlükəlidir: "Birbaşa reys yox idi. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalı idim. Özümü təhüləkəyə ata bilməzdim.Ona görə də Bakıdakı mənzilimdə izolyasiya olunmağa və burada qalmağa qərar verdim".

Qeyd edək ki, Mfo Kqasvanenin "Zirə" ilə müqaviləsi cari mövsümün sonunda başa çatmalıdır.