LAYİHƏ: “Neftçi”nin azarkeş problemi: Tribunalar niyə boşalıb?

“Neftçi”nin azarkeş problemi: Tribunalar niyə boşalıb?

Topaz Premyer Liqasının XXI turu çərçivəsində baş tutan “Neftçi” – “Zirə” qarşılaşması “xalq komandası” üçün xüsusi əhəmiyyət kəsb edirdi. Adətən, futbolda bu tip görüşlərə “6 xallıq oyun” da deyirlər. Çünki belə qarşılaşmada qalib tərəf qələbə qazanmaqla yanaşı, rəqibini 3 xaldan məhrum edir. Bu isə “qazancın” 6 xala bərabər olması kimi qiymətləndirilir. 4-cü pilləyə iddia edən “Neftçi” “Zirə”ni məğlub etməklə arzuladığı yerə doğru böyük bir addım atacaqdı. Belə ki, Ayxan Abbasovun çalışdırdığı komanda bu tur ərəfəsində 26 xalla 4-cü sırada idi. Aktivində 20 xalı olan “Neftçi” isə 6-cı pillədə qərarlaşmışdı. “Ağ-qaralar” qələbə sayəsində xal ehtiyatını 23-ə yüksəltmək, “Zirə”ylə fərqi 3-ə endirmək imkanı qazanmışdı. Amma bu ssenari baş tutmadı və “Neftçi” doğma meydanda rəqibinə 1:2 hesabıyla uduzdu. Bu isə 3-ə düşməsi gözlənilən xal fərqinin 9-a yüksəlməsiylə nəticələndi. Qalan yeddi tur ərzində bu fərqin qapanması xeyli çətin görünür. 
Gözləmək olardı ki, bu vacib qarşılaşmada “ağ-qara” rənglərə könül verən azarkeşlər sevimli komandalarını yalnız qoymayacaqlar. “Neftçi” üçün “12-ci oyunçu”ya çevrilməklə rəqibi təzyiq altında saxlayacaq, qələbəyə töhfə vermiş olacaqlar. Amma, istirahət günü olmasına baxmayaraq, bu maraqlı oyunu izləməyə cəmi 500 azarkeş gəlmişdi. Müqayisə üçün qeyd edək ki, bir gün əvvəl və daha gec saatda keçirilən “İnter” – “Qəbələ” oyunu zamanı tribunalarda bundan beş dəfə çox azarkeş olub.
 

Onlar hara gedib?


“Neftçi” ölkənin ən qocaman klubu olduğuna və bir çox tarixi ilklərə imza atdığına görə daim öncül, xalq tərəfindən sevilən komanda sayılıb. SSRİ çempionatının oyunları zamanı “Neftçi”nin Güclülər dəstəsində, yaxud da aşağı divizionda oynamasından asılı olmayaraq, Bakıdakı bütün oyunlar dolu tribunalar qarşısında keçirilib. Elə müstəqillik illərdində də “Neftçi” azarkeş sarıdan korluq çəkməyib. Tarixi köklərlə yanaşı komandanın heyətində daim ölkənin sayılıb-seçilən futbolçuları çıxış etdiyindən top oyununa könül verənlər də “Neftçi”nin oyunlarına maraq göstərib, “ağ-qaralar”ı canlı izləməyə çalışıblar. İndi isə “Neftçi”nin oyunları zamanı həmin anşlaqdan, çılğın azarkeşlərdən əsər-əlamət yoxdur. Bəs, həmin o çoxminli azarkeş ordusu hara getdi?
 

Uğurlarla gələn azarkeşlər...
 

2005-ci ildə Azərbaycan çempionu olan “Neftçi” sonradan düz 6 il baş mükafata həsrət qaldı. “Neftçi”nin zəifləməsinin müxtəlif səbəbləri var idi. Bunun fonunda isə, “Qarabağ”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran” kimi klublar güclənir, ətrafına azarkeş ordusu toplayırdı. Ölkə çempionatına yeni güclərin gəlməsi “Neftçi” azarkeşlərinin sırasını da xeyli seyrəltmişdi. Azarkeşlərin həmin vaxt “ağ-qara” rənglərdən üz döndərməsinin müxtəlif səbəbləri var idi. Birincisi o idi ki, “Neftçi” Azərbaycan çempionatında uğursuz çıxış etməklə yanaşı almaniyalı çalışdırıcı Gedenin yanlış siyasəti nəticəsində bir çox yerli “ulduz”larını da itirmişdi. Sevimli futbolçularının klubdan getməsini, “Neftçi”nin müxtəlif müəmmaların baş verdiyi kluba çevrilməsini görən azarkeşlər bundan usanır, soyuyurdular. Nəsil dəyişikliyi də bu prosesə öz təsirini göstərirdi. Təcrübəli azarkeşlərin sayı azalır, nisbətən gənclər və yeniyetmələr isə öz seçimlərini daha güclülərin xeyrinə edirdilər. Digər məqam isə, dünyaya inteqrasiyanın artması, internetin və peyk antenalarının sayəsində futbolsevərlərin xarici çempionatlara, məşhur klublara və futbolçulara marağının yüksəlməsi idi. 
2010/11-ci il mövsümündə “Neftçi” 6 illik həsrətə son qoydu və qızıl medalları qazandı. Bu uğur yeni dövrün başlanğıcı oldu. Düzdür, ilk cəhddə avrokuboklarda uğur qazanılmadı. Amma növbəti mövsümdə də “Neftçi” ölkənin ən güclüsü adını qorumağı bacarınca və səviyyəsinə görə digər rəqibləri açıq-aşkar üstələyincə küsmüş azarkeşlər yenidən tribunalara qayıtmağa başladı. Avropa Liqasında qrup mərhələsinə yüksəlməklə “Neftçi” azarkeşlərin könlünü fəth etdi. Həmin vaxt birdən-birə “Neftçi”nin dörd fan-klubu tribunalarda fəallıq göstərirdi. “UltraNeftçi”, “Flaqman”, “Neftçimaniya” və “Forza Neftçi” kimi fan-klublar tribunalarda varlığını hiss etdirməyi, adından söz etdirməyi bacarmışdı. Bu dörd fan-klubun öz arasındakı rəqabət, eləcə də digər klubların, xüsusən də “Xəzər Lənkəran” fanatları ilə gərgin münasibətlər yeni bir dalğanın inkişafına təkan vermişdi. “Neftçi”nin “Xəzər Lənkəran”la oyunlarında 20-25 min azarkeş Respublika stadionunun tribunalarını doldururdu.



... elə uğurlarla birlikdə də getdilər!
 

Ardıcıl üç il çempionluğu heç kimə güzəştə getməyən “Neftçi”nin artan nüfuzu azarkeşlərin sayına da təsir etdi və tezliklə “ağ-qara” rənglərə könül verənlərin sırası xeyli genişləndi. Bu düşərgədə olanlar xüsusilə “Xəzər Lənkəran” azarkeşlərinə qarşı barışmaz mövqe tutmuşdular və rəqabət getdikcə aqressiv xarakter almağa başladı. Hər şey onunla nəticələndi ki, Lənkərandakı növbəti qalmaqaldan və dava-dalaşdan sonra AFFA İntizam Komitəsi bu iki komandanın görüşü zamanı rəqib azarkeşlərin stadiona girişinə qadağa qoydu.


Növbəti ildən isə, “Neftçi” zəifləməyə başladı. Qeyri-sabitlik təkcə komandanın nəticələrində yox, məşqçi və rəhbərlik dəyişikliyində də öz əksini tapdı. Nəticələrin pisləşməsi azarkeşlərin də sıralarını seyrəltdi. Obrazlı ifadə etsək, uğurlarla gələn azarkeşlər elə həmin uğurların getməsi ilə tribunalardan, “Neftçi”dən uzaqlaşmağa başladılar. Bunun nəticəsidir ki, artıq xeyli müddətdən bəri “Neftçi”nin ev oyunları zamanı tribunalarda orta hesabla 500-1000 nəfər azarkeş yer alır. Yalnız xüsusi prinsipiallıq daşıyan qarşılaşmalarda həmin say 2-3 min arasında dəyişir. Bu sayın da əksəriyyəti rəqib komandanı dəstəkləməyə gələnlərin və neytral azarkeşlərin payına düşür.
Son iki mövsümdə “Flaqman“, “Neftçimaniya” və “Ultra Neftçi” fan-klublarının fəaliyyəti əvvəlki illərə nisbətən xeyli zəifləyib. Eyni sözləri “Forza Neftçi”yə də aid etmək mümkün olsa da, bu yaxınlarda 8 yaşını qeyd edən bu fanklub həm tribunalarda, həm də ordan kənarda adından söz etdirə bilir. 
Azarkeşlərin “Neftçi”nin oyunları zamanı tribunalara niyə gəlməməsinin, “ağ-qaralar”a əvvəlki kimi dəstək verməməsinin səbəblərini “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə aydınlaşdırmağa çalışdıq.
 

Sübhan Əliyev: “Neftçi”yə görə məni işdən də çıxarıblar”
 

- Əsl azarkeş pis gündə tanınır, onun borcu çətin gündə də kluba dəstək olmaq, öz sevgisini nümayiş etdirməkdir. “Neftçi” çempionluğa oynayanda “Forza Neftçi” Azad Azarkeş Qrupu yeni yaranmışdı. Aktiv üzvlərimizin sayı 100-150 nəfər idi. İndi isə sıralarımız genişlənib, daim bizimlə oyunlara gələn 350-400 üzvümüz var. Ümumi tribunaya gələnlərin sayının azalması fikri ilə razıyam. Digər fan-klublarla bağlı nəsə deməyim düzgün çıxmaz. “Neftçimaniya”nın üzvləri də tribunalarda görünməyə, “Neftçi”yə dəstək olmağa çalışırlar. 
“Forza Neftçi” düzgün yoldadır. Çətin gündə biz “Neftçi”yə arxa durmaqla, ondan üz çevirməməklə nümayiş etdirdik ki, bu klub bizimdir. Belə vaxtlarda biz “Neftçi”yə daha möhkəm bağlanmışıq. “Neftçi” azarkeşi Azərbaycan futbolunun şahıdır. Bunu hər kəs bilir. Tribunalarda əsl azarkeşin verdiyi dəstəyi başqa heç nə ilə əvəzləmək olmaz. Belə məqamlarda azarkeşlərin kəmiyyəti yox, onların verdiyi dəstəyin keyfiyyəti vacib olur. Təəssüflər olsun ki, yeni rəhbərliyin gəlişindən sonra uğursuzluqlar sıralanmağa başladı. Tariximizə qara səhifə kimi 0:8 hesablı məğlubiyyət də yazıldı. Nəticələr isə, tarixdə qalır. Azarkeş üçün rəhbərin kim olmasının fərqi yoxdur. Əsas odur ki, komanda yaxşı çıxış etsin. Uğur qazanan rəhbərlik fanatlar tərəfindən də dəstəklənir. 
“Böyük oyun”lara 4 avtobusla 200-ə yaxın azarkeşlə getdiyimiz vaxtlar olub. İki il bundan əvvəl Qəbələyə, ölkə kubokunun “Qarabağ”la finalına yeddi avtobusla getmişdik. Təkcə elə “Forza Neftçi”nin 220 nəfər üzvü səfərə çıxmışdı. 


Premyer Liqadakı rəqabətin də azarkeş fəallığına təsiri var, insanların gündəlik qayğılarının da. Biz Azad Azarkeş Qrupuyuq, klubdan heç bir maddi yardım ummuruq. Rayonlara səfər olanda öz səhifəmizdə elan yazırıq. Ortalama bir nəfərin bölgələrə səfər xərci 15 manat təşkil edir. Misal üçün, Gəncəyə 50 nəfərlə getmişdik. Çünki üzvlərimiz arasında tələbələr də var. Onların arasında səfərə çıxmağa imkanı olmayanlar çoxdur. Çalışırıq ki, bir-birimizə imkan dairəsində kömək edək, arzulayanların hamısı komandaya çətin səfərlərdə dəstək olsun. Klub rəhbərliyi ilə heç bir əlaqə qurmuruq. Sadəcə, rəqibin meydanında klubumuzun azarkeşlərlə əlaqələndiricisindən soruşuruq ki, bizim yerimiz hansı tribunada olacaq. Rəhbərlikdən tək istəyimiz odur ki, komandanın gücləndirsinlər. Başqa istəyimiz yoxdur. Heç onlarla hansısa formada görüşümüz də olmur. Komanda Antalyadan gələndə hava limanına getmişdik, yeni futbolçuları qarşıladıq. Orda da bizə söz verdilər ki, hər şey yaxşı olacaq, nəticələr düzələcək. Amma “Zirə” ilə oyun intiriqanı bizim üçün öldürdü. Belə çıxdı ki, bizə verilən söz yerinə yetirilmədi.
“Turan Tovuz” – “Şəmkir” qarşılaşmasını 3 mindən çox azarkeşin izləməsindən xəbərdarıq. Kimisə yalvarmaqla, yaxud zorla stadiona gətirmək olmaz. “Zirə” ilə oyun çox münasib vaxtda idi. Amma yenə ciddi artım müşahidə olunmadı. Yaxşı azarkeş heç nədən qorxmamalıdır. Azərbaycanda ümumilikdə fanat hərəkatı zəifləyib. Özünüz düşünün, bazar günü münasib saatda “Zirə” ilə prinsipial oyuna da azarkeş gəlmirsə, nə demək mümkündü? Biz istəmirik ki, bu belə olsun. Ürəyi klubla döyünən hər kəs çətin gündə tribunada olmalıdır ki, avrokubok oyunlarında da fəxrlə “mənim də bu uğurda payım var” deyə bilsin. Biz bir çox üsullara əl atmışıq, amma sadiq fanatların sayı azdır.
Problem təkcə “Neftçi” ilə məhdudlaşmır, Premyer Liqada oynayan bütün klubların belə problemi var. “Qəbələ” liderdir, ardıcıl iki il Avroliqada qrup mərhələsinə yüksəldi, amma onların oyununa da 800-1000 nəfər azarkeş gəlir. Belə çıxır ki, bizdə futbolu sevənlərin sayı azalıb. Mən “Neftçi” ilə bütün bölgələrdə olmuşam, əyalətlərdəki azarkeşlərə bələdəm. İndi reallıq bu cürdür. Bölgələrdəki kəmiyyət paytaxtı üstələyib. Sabah hansısa legioneri də Azərbaycana dəvət edəndə azarkeşlərin tribunaları boş qoymasına görə bura gəlməkdən imtina edəcək. 

Komandamıza görə çox əziyyətlər görmüşük.  Özümüz də dəfələrlə həbsə düşmüşük. Mənim qardaşım 20 sutka həbsdə qalıb, özüm isə 30 sutkamı orda keçirmişəm. “Neftçi”yə görə bizi işdən də çıxarıblar, halal xoşları olsun.
 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.