"Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.
Sportline.az-ın Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, reqatanın ikinci günündə idmançılar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Ötən gün Suqovuşanda start götürən yarışın ilk günündə Azərbaycanın üç avarçəkəni - Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.