"Mingəçevir Reqatası-2026": Azərbaycan təmsilçiləri daha üç medal qazanıblar

Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin növbəti günündə daha 3 medal qazanıblar.

Sportline.az-ın bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) 1-ci yeri tutub.

Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.

1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) isə Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.