“Tələskənlik bizə mane olurdu” - Ayxan Abbasov
Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyununda səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.
Sportline.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfrasında əvvəlcə görüşlə bağlı fikilərini bölüşüb:
“Lixtenşteyn bizimlə ilk oyunda xal almışdı. Bu dəfə rəqibin daha inamlı çıxışını gözləyirdik. Eyni sistem, eyni sıx müdafiə, erkən qol vurmaq istəyirdik. Əslində tez qol da vurduq. İlk dəqiqələrdə epizod yaratdıq. Qapı dirəyindən qayıdan toplar var idi. İstər-istəməz futbolçularda bir az tələskənlik, udmaq hirsi çox idi, bu da bizə mane olurdu. Tam rahat hücumlarımızı sonlandıra bilmirdik. Əsas bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi. Birinci olmaq istəyirdik. Bu, bizim üçün vacib idi. Çünki nə qədər D Liqası gələn mövsüm olmasa da, biz istəyirdik ki, C Liqasına qalib kimi yüksələk. Uşaqlara təşəkkür edirəm. Çempionatın stresli, gərgin vaxtında milli komandaya kökləndilər və qalib gəldik. Qarşıda Andorra ilə yoxlama matçı var. Həmin oyunda çalışacağıq hər kəsə şans verək. Çünki yeni gələn oyunçularımız da var. Onlar milli komandanı hiss eləməlidirlər”.
Mütəxəssis Millətlər Liqasında keçirilən 4 oyunda onu təəssüfləndirən məqamlar barədə danışıb:
“Hər oyundan sonra təhlillər olur. Litvadakı matçda qalib gəlməli idik. Orda komanda yaxşı çıxış etmişdi. Qol epizodlarımız oldu. Biz nadir hallarda oturuşmuş müdafiəyə qarşı oynayırıq. Hər dəfə rəqiblər bizdən üstün olur. Litva ilə matçda oyun ortada gedirdi. Yenə də son ötürmələr çatmadı. Bunu da psixoloji gərginliklə əlaqələndirirəm. Litva ilə oyunda qalib gələ bilərdk. Amma hər işdə bir xeyir var idi. Turnir başlamamışdan əvvəl format başqa cür idi. Pley-off məsələsi sonradan oldu, qismət. Bu il çalışaqdıq uduzmayaq. Hələ martda futboçulara demişdim ki, rəqiblər bizə uyğundur, ilin sonuna kimi uduzmamalıyıq. Təəssüf ki, Maltaya məğlub olduq. Amma sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq”.
A.Abbasov 88-ci dəqiqəyə qədər cəmi bir əvəzetmədən istifadə etməsinə belə münasibət bildirib:
“Ehtiyatda yaxşı oyunçularımız var idi. Sadəcə oyunun gedişinə uyğun Rüfət Abdullazadəni meydana buraxdıq. Bundan sonra istədiyimiz hücumlar başladı. Bir qədər gözləyirdik. Sonradan Xəyal və Telluru oyuna qoşduq. Rüfət Abbasov və Toral Bayramov yorulmuşdu. Bizə zərbələr lazım idi. Toralın yaxşı zərbələri var. Ona görə də onu meydanda çox saxladıq”.
Millimizin baş məşqisi matçda narazı qaldığı məqamları da açıqlayıb:
“Oyuna baxacağıq. Udduğumuz matçlarda da futbolçulara iradlar olur. Ötən görüşdə Litvaya qalib gəlsək də, səhvlər var idi. Bəzi futbolçular həmin matçda zəif oynadıqları üçün bu toplanışa dəvət almadılar. Təbii ki, bugünkü oyunla bağlı da iradlarımız olacaq. Bu dəfə hücumda kəsərli olmadıq, problem bitiriciliklə bağlı idi”.
Sonda Abbasov millimizin qapıçısı Emil Balayevin 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılması haqda sualı cavablandırıb:
“Ona sarı vərəqə düşmürdü. Hakim də bəzi epizodlarda bilmədim niyə elə qərar verdi. Yeni qaydalara görə referi beşə kimi saymalıdır. 90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat. Bu, futbolçuların özünə məxsus olan haldır”.