Ardıcıl 2 ildə fərqli klublarda Çempionlar Liqasını qazanan 4 futbolçu
UEFA Çempionlar Liqası dünyanın ən mötəbər klub turniri hesab olunur. Yarışda zəfər yaşayan futbolçular isə adlarını ən nüfuzlu klub turnirinin tarixinə yazdırırlar.
SportLine.az bu yazıda dəyərli oxucularına Çempionlar Liqasında ardıcıl iki il fərqli klublarda qələbə sevinci yaşayan dörd futbolçunu təqdim edir:
Marsel Desayi. 20 illik futbol karyerasında 4 müxtəlif ölkədə futbol oynayan fransalı müdafiəçi, 1992-ci ildə "Marsel"in heyətinə qoşulur. Elə həmin il Avropada uğurlu çıxışla yadda qalan Fransa təmsilçisi, Çempionlar Liqası kubokuna yiyələnir. Növbəti il "Milan"a keçən M.Desayi, "rossoneri"nin heyətində uğuru təkrarlayır. "Barselona" üzərində əldə edilən 4:0 hesablı qələbə, müdafiəçinin Çempionlar Liqasında ardıcıl ikinci zəfəri olur.
Paulo Sousa. Portuqaliya millisinin sabiq üzvü P.Sousa peşəkar karyerasının ilk illərində "Benfika" və "Sportinq" kimi klublarda çıxış edir. Futbolçunun ən uğurlu illəri isə "Yuventus"la bağlıdır. 1994-cü ildə "qoca sinyora"nın heyətinə qoşulan P.Sousa, bir-birinin ardınca uğurlar qazanır. 1996-cı ildə Turin təmsilçisi Çempionlar Liqasında qalib olarkən portuqaliyalı ulduz da heyətdə idi. Tarixi zəfərin ardınca yarımmüdafiəçi Dortmund "Borussiya"sına transfer edilir. O, növbəti il Çempionlar Liqasının kubokunu yenidən, bu dəfə "arılar"ın heyətində başı üzərinə qaldırır.
Jerar Pike. "Barselona"nın yetirməsi olan müdafiəçi, karyerasının ilk illərində "Mançester Yunayted"ə keçir. 16 yaşından "qırmızı şeytanlar"ın şərəfini qoruyan ispaniyalı futbolçu, ilk Çempionlar Liqası sevincini də bu klubla yaşayır. "Mançester Yunayted" 2008-ci ildə "Çelsi" ilə final matçında qələbə qazanır. Növbəti il doğma komandasına qayıdan J.Pike, bu dəfə "Barsa" ilə zəfər əldə edir. Maraqlıdır ki, həlledici görüşdə məğlub olan tərəf "qırmızı şeytanlar" idi.
Samuel Eto'o. Afrika futbolunun ən parlaq simalarından Samuel Eto'o da analoji uğura imza atanlardandır. 2009-cu ildə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi tituluna yiyələnən "Barselona"nın heyətində çıxış edən kamerunlu ulduz, növbəti il İtaliyaya köçür. "İnter"in heyətində çıxış etməyə başlayan hücumçu, Joze Mourinyonun rəhbərliyi ilə növbəti dəfə kuboku başı üzərinə qaldırır. Finalda "Bavariya"nı üstələyən Milan təmsilçisinin heyətində fərqlənən futbolçulardan biri də Sameul Eto'o olur.
Vüsal Məmmədzadə