"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bilindi
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" komandasının yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.
Sportline.az xəbər verir ki, ilkin mərhələ qarşılaşmalarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olublar.
Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməyəcəyi üçün E yox, D qrupunun birincisi 5-ci qrupa vəsiqə qazanıb.
Beləliklə Polşada keçiriləcək bu mərhələnin oyunlarında Azərbaycan təmsilçisi ilə yanaşı "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) komandaları güclərini sınayacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək və bu göstəricidə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır. Turnir oktyabrın 27-dən noyabrın 1-dək təşkil olunacaq.