Arif Əsədovdan "Qarabağ" və "Neftçi" ilə bağlı ÖZƏL AÇIQLAMALAR
Xəbər verdiyimiz kimi UEFA Konfrans Liqasında "Qarabağ" və "Neftçi" pley-off görüşlərinə çıxıblar.
Sportline.az saytına danışan veteran futbolçu və millimizin köməkçi məşqçisi Arif Əsədov hər iki komandanın qrup imkanlarını dəyərləndirib.
"Qarabağ"la bağlı onu deyə bilərəm ki, "Qarabağ" evdə 1:0 hesabı ilə qalib gəlməklə üstünlüyə malik oldu. Oyun baxımından da "Qarabağ" daha yaxşı görünürdü. "Qarabağ" meydançanın pis olmasına baxmayaraq çalışırdı ki, öz oyununu oynasın. Amma rəqib hiss olunurdu ki, bu meydançaya, bu havaya hələ adaptasiya olmamışdı. Çünki çətinlik çəkirdilər.
Ona görə də təbii ki, "Qarabağ"ın şansı çoxdur. Amma səfərdə heç də asan olmayacaq. "Qarabağ", məncə, çətinliklə üzləşəcək. Çünki hava şəraiti artıq onlara uyğun olacaq. Hətta yağış da ola bilər. Bu baxımdan onlarda üstünlük olacaq. Amma sonda "Qarabağ"ın şanslarını daha yaxşı, daha yüksək qiymətləndirirəm.
"Neftçi"yə gəldikdə, "Neftçi" yaxşı şans qazanmışdı. İkinci hissədə 3:1 hesabı ilə irəli çıxmışdı. Bunu qoruyub saxlasaydı, təbii ki, böyük bir üstünlüyə malik olacaqdı. Amma heç-heç ilə bir az işini çətinləşdirdi.
Üstəlik, "Neftçi"də heyətdə də çətinliklər olması sonda "Neftçi"nin əksinə işləyə bilər. Amma indiki məqamda səfərdə qol sayının heç də təsiri olmadığı üçün şansı təbii ki, bərabər və yaxud 60-ın 40-a "Makkabi"nin xeyrinə qiymətləndirirəm".