Avropa çempionatında olimpiadaya lisenziya qazanan bədii gimnastlar Vətənə qayıdıblar
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektivi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.
Bədii gimnastlardan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.