Avropa Liqası: HİK-ə məğlub olan "Neftçi" Konfrans Liqasına düşdü
Bu gün "Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünü keçirib
Sportline.az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Finlandiyanın paytaxtı Helsinkidəki "Bolt Arena"da HİK-in qonağı olub. Bakı vaxtı ilə saat 20:00-da başlanan görüşü türk əsilli almaniyalı referi Deniz Aytekin idarə edib. 0:3 hesabı ilə məğlub olan "Neftçi" Konfrans Liqasının pley-off mərhələsinə enib.
Bu komandalar arasında avqustun 3-də "Bakcell Arena"da oynanılmış ilk qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
"Neftçi" və HİK bunadək Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edib. Azərbaycan klubu Yunanıstan "Olimpiakos"u (0:1; 0:1), Finlandiya təmsilçisi isə İsveç "Malmö"sü (1:2; 2:2) ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. HİK (Finlandiya) - "Neftçi" (Azərbaycan) 3:0
Qollar: Riku Riski, 46, Rupe Riski, 60-penalti, 89
Hakimlər: Deniz Aytekin, Kristian Diets, Markus Sinn, Martin Petersen (hamısı Almaniya)
"Bolt Arena"
İlk oyun - 2:2.