Azərbaycan millisində yeni baş məşqçi

Kişi boksçulardan ibarət Azərbaycan seçməsinə yeni baş məşqçi təyinatı rəsmiləşib.

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, İdarə Heyətinin qərarına əsasən milli komanda kubalı Pedro Rokeyə həvalə edilib.

Təcrübəli mütəxəssis ilə Paris-2024 Yay Olimpiya Oyunlarının sonunadək müqavilə imzalanıb. Onun qarşısına əsas hədəf kimi Azərbaycan millisinin iştirak edəcəyi hər yarışda, xüsusilə də olimpiadada uğurlu çıxış etmək tapşırığı qoyulub.

Kubalı baş məşqçi yeni vəzifədə həmyerlisi Umberto Orta Domingesi əvəzləyib. Domingesin başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.

Komanda Pedro Rokenin rəhbərliyi altında digər yarışlarda da uğurlu nəticələr əldə edib. Milli kubalı mütəxəssislə 2015-ci ildə Qətərin paytaxtı Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib ki, bu da mundiallarda hələlik mükafat sayında ən yaxşı göstəricidir. Həmin vaxt Elvin Məmişzadə (52 kq) dünya çempionu tituluna sahib olub, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medala yiyələnib.

Bakı-2015 I Avropa Oyunlarında Pedro Rokenin rəhbərliyi altında boksçular 10 çəki dərəcəsindən 9-da fəxri kürsüyə yüksəliblər. Yığma 6 qızıl, 1 gümüş və 2 bürünc medalla yarışın ən güclüsü adını da qazanıb. Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) çempion tituluna yiyələniblər. Xaybula Musalov (75 kq) gümüş, Tayfur Əliyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub. Həmçinin Rüfət Hüseynov (49 kq) həmin ildə Avropa çempionatında üçüncü yeri tutub.

İBA-nın (əvvəlki AİBA) 3 ulduzlu mütəxəssisi olan Pedro Roke 2009-cu ildə AİBA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. O, 1971 - 2004-cü illərdə Kubanın yeniyetmələrdən və gənclərdən, 2005 - 2010-cu illərdə əsas komandasına rəhbərlik edib. Mütəxəssis 2012 - 2014-cü illərdə ABŞ yığmasının sükanı arxasında olub. 2014 - 2016-cı illərdə Azərbaycan millisinə rəhbərlik etmiş kubalı 2017-ci ildən ABŞ-da peşəkar və həvəskar boksçularla işləyir. 1992 - 2006-cı illərdə Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdə Olimpiya Oyunları və dünya çempionatlarında medal qazanmaq üçün onun təlimlərindən istifadə olunub. Roke ABŞ-da WSB Liqasında iştirak edən klubda da fəaliyyət göstərib.

O, 7 dəfə Yay Olimpiya Oyunlarına və 23 dəfə dünya çempionatına komanda çıxarıb, olimpiadalarda 32 (14 qızıl, 10 gümüş, 8 bürünc), mundiallarda 36 (18 qızıl, 6 gümüş, 12 bürünc) medal qazanıb. Bundan əlavə, Rokenin yetirmələri yeniyetmələrin dünya birinciliklərində 30 (15 qızıl, 8 gümüş, 7 bürünc), gənclərin dünya birinciliklərində 110 (54 qızıl, 26 gümüş, 30 bürünc), Mərkəzi Amerika Oyunlarında 20 (12 qızıl, 4 gümüş, 4 bürünc), Panamerika Oyunlarında 42 (22 qızıl, 12 gümüş, 8 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.

Yeni baş məşqçinin çalışdığı boksçulardan dəfələrlə olimpiya və dünya çempionu olanlar da var. Bunlar sırasında olimpiadanın üçqat, dünya çempionatının beşqat çempionu Feliks Savonun, həmçinin Oyunlarda 2 dəfə qızıl medal qazanan Mario Kindelan, Gilyermo Riqondo, Ronyel İqlesias, Xulio Sesar La Krus, Ariel Ernandesin adlarını çəkmək olar.