Azərbaycan Premyer Liqasında 10 ildən sonra bir ilk

Futbol üzrə Azərbaycan çempionatında 10 ildən sonra ilk turun üç oyununda heç-heçə qeydə alınıb.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün startı heç-heçələrlə zəngin olub. I turda baş tutan 5 oyundan üçü "sülh"lə nəticələnib.

“Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/2016 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021 mövsümündə bu rəqəm 2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.