Bakı dünya kubokuna ev sahibliyi edir
Bu gün Bakıda gimnastika üzrə dünya kubokuna start veriləcək.
Sportline.az xəbər verir ki, dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq turnirdə bir araya gələcəklər.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi 4-cü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq.
3 gün ərzində keçiriləcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.
Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışlar hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq 7-ci Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 6 Dünya kubokuna ev sahibliyi edib.