“Bakı” “Kür”ü paytaxtdan əliboş yola salıb
Kişi həndbolçuların Azərbaycan çempionatında 5-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, turun mərkəzi görüşündə paytaxtın “Bakı” və Mingəçevirin “Kür” komandaları qarşılaşıblar. “AHF Arena”da təşkil olunan oyunu beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Matçın hakim-inspektoru isə beynəlxalq dərəcəli referi Vaqif Əliyev olub.
Komandalar gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan matça bərabər səviyyəli oyunla başlayıblar. Bu, rəqiblərin vurduğu qarşılıqlı qollarda da əksini tapıb, amma tədricən təşəbbüsə yiyələnən ev sahibləri qapıçı Rüstəm Hüseynovun da inamlı çıxışı sayəsində irəli çıxmağı bacarıblar. Bununla razılaşmayan qonaqların baş məşqçi Nasser Saliminin tövsiyələri nəticəsiz qalmayıb. Sürəti artıran Mingəçevir həndbolçuları hissənin ortalarında geriliyi aradan qaldırıblar.
Eldar Fərəcovun komandasının fəallaşması vəziyyəti yenidən “Bakı”nın xeyrinə dəyişsə də, ev sahibləri üstünlüyü qoruya bilməyiblər. Yüksək əzmkarlıq göstərən “Kür” fasilə ərəfəsində azlıqda qalmasına rəğmən tarazlığı bərpa edib – 12:12.
Görüşün qalan hissəsi də gərgin mübarizə şəraitində keçib. Rəqib müdafiəsindəki səhvlərdən daha yaxşı yararlanan paytaxt həndbolçuları matçın gedişində yenidən üstünlüyə yiyələniblər. “Kür” fərqi azaltmağa nail olsa da, final fitinə yaxın daha inamlı oyun göstərən “Bakı” azarkeşlərini sevindirməyi bacarıb.
Görüşdə son nöqtəni qoyan Elnur Hüseynzadə komandasının 28:25 hesablı qələbəsini rəsmiləşdirib.
Günün digər oyununda isə “Qarabağ” “Təhsil”ə 36:21 hesabı ilə qalib gəlib.
5 turdan sonra xalqlarının sayını 8-ə çatdıran "Bakı" liderdir. Eyni xala malik "Qarabağ" ikincidir. Hesabında 6 xal olan "Kür" isə 3-cü yerdədir. Sonrakı pillələri "Dinamo" , "Təhsil" və " Azəryol" tutur.