Banişevski - 71

Bu gün Azərbaycan futbol tarixinin əfsanəsi - Anatoli Banişevskinin 71 illiyidir. SportLine.az xəbər verir ki, o, 1946-cı il fevralın 23-də Bakıda anadan olub.

Banişevski istedadlı, qabiliyyətli olmaqla yanaşı sadiqliyi ilə də seçilib. O, peşəkar karyerası ərzində – 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. Bakı klubunun 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 

A.Banişevski SSRİ seçməsinin məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında SSRİ komandasına çağırılıb. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub və seçmədə keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında iştirak edib.
 
1968 və 1972-ci illərdə təşkil olunan Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata layiq görülüb. Ümumiyyətlə, A.Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ seçməsinin heyətində 50 oyun keçirən hücumçu 19 dəfə fərqlənib.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik edən A.Banişevski 1983-cü ildə klubdan ayrılmaq qərarına gəlib. O, 1984-88-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub. Ömrünün son illərini ehtiyac içində keçirib. 

Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib.

Banişevski ölümündən bir il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub. 2 fevral 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.