Seru Qirassi Levandovskini geridə qoydu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Vilyarreal"la üz-üzə gələn "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Qirassi komandanın tarixində turnirdə ən çox qol vuran ikinci futbolçu olub.
Sportline.az Dortmund təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı forvard bu göstəricidə Robert Levandovskini geridə qoyub.
Seru Qirassi Çempionlar Liqasında "Borussiya"nın heyətində keçirdiyi 25-ci matçda 18 və 19-cu qollarını vurub. Bununla da o, turnirdə 28 oyunda 17 dəfə fərqlənən Robert Levandovskini qabaqlayıb.
Dortmund klubunun tarixində bu yarışda Seru Qirassidən daha çox qol vuran yeganə futbolçu isə Marko Roysdur. Sabiq yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 72 qarşılaşmada 24 qola imza atıb.