“Sadəcə klubun adına görə qərar verməsin”
“Çelsi”nin transfer etmək istədiyi “Strasbur”un futbolçusu Cessim Yasininə karyerası ilə bağlı xəbərdarlıq edilib.
Sportline.az xəbər verir ki, Mərakeş millisinin sabiq futbolçusu Salahəddin Bəsir gənc vingerə klub seçimində əsas meyarın ad-san deyil, oyun imkanları olmalı olduğunu bildirib. Onun fikrincə, 20 yaşlı futbolçunun müntəzəm meydana çıxması və inkişafı üçün uyğun mühitdə olması daha vacibdir.
Bəsir “Çelsi”nin böyük klub olduğunu qəbul etsə də, London təmsilçisinin hücum xəttində ciddi rəqabətin mövcudluğuna diqqət çəkib. O, “Brayton” və “Nyukasl” kimi klubların Yasininə daha çox oynamaq imkanı verə biləcəyini düşünür.
Mənbənin yazdığına görə, Yasininin “Çelsi”yə keçidi ilə bağlı daha əvvəl ciddi iddialar yayılıb. Lakin hələlik transferin rəsmiləşdiyi barədə məlumat yoxdur. Futbolçu bu mövsüm “Strasbur”un heyətindəki çıxışı ilə diqqət çəkir.