"Beşiktaş" iki futbolçusunu yola saldı

“Beşiktaş” yarımmüdafiəçisi Jermeyn Lenslə vidalaşıb.
 
Sportline.az İstanbul klubunun saytına istinadən xəbər verir ki, 33 yaşlı niderlandlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Türkiyə mətbuatında yayılan informasiyalara inansaq, 2017-ci ildə "qara qartallar"ın sıralarında olan Lens karyerasını digər Superliqa komandasında - “Fatih Karagümrük”də davam etdirəcək.
 
“Beşiktaş” qapıçısı Utku Yuvakıranı da “Fatih Karagümrük”ə icarəyə verdiyini açıqlayıb. 23 yaşlı qolkiper 2021/2022 mövsümünün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq. 

Bu arada, yerli media sözügedən İstanbul klubunun Madrid "Atletiko"sundan icarəyə götürdüyü Fransisko Monteronu birdəfəlik transfer etdiyi barədə informasiya yayıb. İddialara görə, 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq. 

“Ağ-qaralar”ın Portuqaliyanın “Benfika” klubundan Jedson Fernandeşin keçidini həll etdiyi vurğulanıb. Ötən mövsümün ilk dövrəsini "Tottenhem", ikinci yarısını “Qalatasaray”da icarədə keçirmiş 22 yaşlı vingerin “Beşiktaş”a da icarəyə verildiyi bildirilir.