Boks həvəskarlarının nəzərinə
Tayson Fyuri ilə Deontey Vaylder arasında 3-cü döyüş dekabrın 19-da keçirilə bilər.
Sportline.az “Boxingnews24” portalına istinadən xəbər verir ki, görüşün tarixi və məkanı ilə bağlı artıq razılıq əldə olunub.
WBC versiyası üzrə superağır çəkidə döyüş ABŞ-ın Nevada ştatının Las Veqas şəhərində keçirilməlidir. Özü də görüşü azarkeşlər də tribunadan izləyə biləcək.
Məşhur proumoter Bob Arumun sözlərinə görə, döyüş 65 minlik azarkeş tutumuna malik idman arenasında keçiriləcək və qarşıdurmanı 15 min boks həvəskarı izləyəcək. Mətbuata açıqlama verən Arum indiki məqamda insanların sağlamlığını fikirləşməli olduqlarını söyləyib.
Xatırladaq ki, bu boksçular arasında ilk görüşdə heç-heçə qeydə alınmışdısa, ikinci döyüşdə isə Fyuri Vaylderi nokauta göndərmişdi. Maraqlıdır ki, avqust ayında mətbuata açıqlama verən WBA, IBF, WBO və IBO versiyasında dünya çempionu Entoni Coşua da dekabr ayında rinqə çıxmaq istədiyini və həmin vaxtda məhz Fyuri qarşılaşmaq istədiyini bildirmişdi. Görünür, Çoşua bir müddət də gözləməli olacaq.