Çempionlar Liqası: Emreli qapıya ən çox dəqiq zərbə endirən 2-ci futbolçudur
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.
Sportline.az xəbər verir ki, 24 yaşlı forvard Norveçin "Budyo Qlimt" klubuna qarşı matçlarda (3:2, 2:0) 5 dəfə çərçivəni dəqiq nişan alıb. Bu zərbələrin 2-si qolla nəticələnib. Nəticədə Emreli ikinci yerdə qərarlaşıb. İlk sırada isə Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.
Bundan başqa, Emreli vurduğu 2 qolla bombardirlər yarışında ikinci pillədə qərarlaşıb. Azərbaycanlı hücumçu bu göstəricidə yalnız 4 futbolçudan geri qalır. Onunla yanaşı, Azərbaycan millisinin və "Neftçi"nin yarımmüdafiəçiləri Emin Mahmudov və Namik Ələskərov da hərəyə 2 dəfə fərqləniblər. Onlar Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna qarşı I təsnifat mərhələsinin səfər və ev oyunlarında (2:1, 2:1) rəqib qapısına yol tapıblar.
Qeyd edək ki, "Neftçi" II raundda Yunanıstan "Olimpiakos"u, "Legiya" isə Estoniya "Flora"sı ilə üz-üzə gələcək.