Daha bir idmançımız lisenziya qazandı

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni "Minsk-2019" II Avropa Oyunlarına lisenziya qazanıb.

Federasiyanın mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, Qovimuramadhoni Dünya Badminton Federasiyasının açıqladığı son reytinq siyahısına əsasən bu nailliyəti əldə edib. “Minsk 2019”da badminton üzrə yarışlar 24 - 30 iyunda 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmitonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.

Qovimuramadhoni Azərbaycanı 2018-ci ilin fevralından Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altındakı müxtəlif seriyalı turnirlərdə təmsil edib. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarında badminton növündə Azərbaycanı kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev - Orxan Qələndərov tandemi təmsil edib.

Qeyd edək ki, hazırda məşqçi kimi çalışan millinin sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanmışdı.