Dəniz Yılmazın bağışlanmaq üçün bir yolu var

"Kayserispor"a məğlubiyyətdən sonra "Bursaspor"un əsas heyətindən kənarlaşdırılan Dəniz Yılmaz bir müddət aşağı yaş qrupları üzrə komandanın düşərgəsində olacaq. Sportline.az xəbər verir ki, klub prezidenti Ali Ay millimizin üzvünün əsas heyətə dönmək şansının olduğunu açıqlayıb. Amma, bunun üçün Yılmazın üzr istəməsi tələb olunur: "Dəniz "Kayserispor"la matçda aldığı qırmızı vərəqəyə görə rəhbərlikdən, texniki heyətdən və azarkeşlərimizdən üzr istəməlidir. Ancaq o, bunu etmədi və buna görə də heyətdən kənarlaşdırıldı". Xatırladaq ki, 28 yaşlı hücumçu Super Liqanın son turunda "Kayserispor"la görüşdə rəqib futbolçunun ayağına zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı. Azlıqda qalan "Bursaspor" isə, 0-2 hesabı ilə məğlub olmuşdu.