Emin Mahmudov tarixə düşdü
"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan futbolunun tarixinə düşüb.
Sportline.az xəbər verir ki, millimizin də üzvü olan 29 yaşlı mərkəz yarımmüdafiəçisi avrokuboklarda 3 turnirdə qol vuran ilk futbolçumuz olub.
Bu, komandasının cari mövsümdə çıxış etdiyi Çempionlar Liqası (ÇL), Avropa Liqası və Konfrans Liqasıdı. Emin Avropanın ən nüfuzlu klub turnirində Tiflis "Dinamo"suylə hər 2 matçda penaltidən fərqləndi. Ardından o, Avropa Liqasında Finlandiya HİK-inə "Bakcell Arena"da cərimə zərbəsindən gözəl qol vurdu. Nəhayət, yenə həmin stadionda, ancaq bu dəfə oyun epizodundan fərqlənən Mahmudov Hayfa "Makkabi"siylə görüşdə də baxımlı qol müəlifi oldu.
Bu, Eminin 2017-ci ilin yayında çıxış etdiyi "Neftçi"də avrokuboklarda 8-ci qoludu. Bunun 5-ni Avroliqada reallaşdıran təcrübəli futbolçu 2 dəfə ÇL-də, 1 dəfə Konfrans Liqasında fərqlənib.
Xatırladaq ki, Konfrans Liqası UEFA-nın bu ildən keçirdiyi yeni turniridi. Burada Azərbaycanın ilk qolunun müəllfii "Keşlə"nin yeni legioneri Felipe Santos olub. Braziliyalı vinger buna "Soçi"ylə ev matçında nail olub.