"Fənərbağça" səfərdə "Beşiktaş"ı məğlub etdi
“Fənərbağça” “Beşiktaş” qarşısında 2 qol geridə olmasına baxmayaraq, möhtəşəm dönüş edərək derbidən qələbə ilə ayrıldı. “Beşiktaş”da Orkun Kökçü və baş məşqçi Sergen Yalçın qırmızı vərəqə ilə meydandan uzaqlaşdırıldı.
Sportline.az xəbər verir ki, Super Liqanın 11-ci turunda mövsümün ən çox gözlənilən oyunlarından biri – “Beşiktaş” – “Fənərbağça” derbisi baş tutub. “Tüpraş” stadionunda keçirilən qarşılaşma “sarı-göylər”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna sürətli başlayan “Beşiktaş” 5-ci dəqiqədə El Bilal Turenin, 22-ci dəqiqədə isə Emirhan Topçunun qolları ilə 2:0 hesabı ilə önə keçib. Lakin ilk hissə bitmədən “Fənərbağça” bərpa yoluna qədəm qoyub – 32-ci dəqiqədə İsmayıl Yüksək fərqi azaldıb, 45+3-cü dəqiqədə isə Marko Asensio hesabı bərabərləşdirib.
Qarşılaşmanın 83-cü dəqiqəsində Con Duranın vurduğu qol “Fənərbağça”ya tarixi geri dönüşü təmin edib – 3:2.
“Beşiktaş” üçün oyun çətinləşib, çünki 26-cı dəqiqədə Edson Alvareizə qarşı kobud oynayan Orkun Kökçü birbaşa qırmızı vərəqə alıb. Baş məşqçi Sergen Yalçın isə bu qərara sərt etiraz etdiyi üçün meydandan uzaqlaşdırılıb.
Bu qələbə ilə “Fənərbağça” xallarını 25-ə yüksəldərək turnir cədvəlində ikinci pilləyə qalxıb və lider “Qalatasaray”la xal fərqini 4-ə endirib. 17 xalı olan “Beşiktaş” isə hazırda 6-cı pillədə qərarlaşıb.