Fərid Qayıbov: "Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik"
"Füzuli şəhərin işğaldan azad olunduğu gündə beynəlxalq turnir təşkil edilir. Bu hər birimiz üçün çox sevindiricidir".
Sportline.az xəbər verir ki, bunu gənclər və dman naziri Fərid Qayıbov "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, gələcəkdə beynəlxalq reqatada iştirak edəcək idmançıların sayının daha da artacağına inandığını bildirib.
"Daha əvvəl də Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Beynəlxalq reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Hazırda Azərbaycan iki böyük beynəlxalq yarışa - “TeamGym” üzrə 15-ci Avropa çempionatı və "Mingəçevir Reqatası"na ev sahibliyi edir. Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidir.
İdman insanları bir araya gətirən önəmli bir sahədir. Hər kəs buradadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Bildiyiniz kimi, Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik",- deyə Fərid Qayıbov bildirib.
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024"ə oktyabrın 18-də yekun vurulacaq.