Gənc avarçəkənlərimiz Qazaxıstanda 14 medal qazanıb

Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunub. Komandamız yarışda 3 qızıl, 6 gümüş, 5 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.

Sportline.az xəbər verir ki, İvan Vorobjanskiy bir nəfərlik kayak qayığında həm 200, həm də 500 metr məsafədə yarışlarda qızıl medala sahib olub. Həmçinin 200 metrdə Elmir Tarverdiyev 2-ci, 500 metrdə Mustafa Vəlizadə 3-cü yer tutub. İki nəfərlik kayak qayığında 500 metr məsafədə İvan Vorobjanskiy – Vacib Babayev cütlüyü bütün rəqiblərini qabaqlayıb. Mustafa Vəlizadə və Elmir Tarverdiyevin sürdüyü qayıq finişi ikinci keçib.  İvan Vorobjanskiy rusiyalı idmançı birgə bürünc medal qazanıb. 200 metr məsafəyə yarışlarda İvan Vorobjanskiy - Hüseyn Həsənov dueti 2-ci, Vacib Babayevlə  Nuran Rəhimli fəxri kürsünün 3-cü pilləsinə qalxıblar. 


Kanoedə Hüseyn Səmədli 3 kateqoriya üzrə mükafatçılar sırasına düşüb. 200 metr məsafədə bir nəfərlik qayıqda bürünc, iki nəfərlik qayıqda gümüş medal qazanıb. 500 metr məsafədə iki nəfərlik qayıqda Hüseyn Səmədli 3-cü olub.