"Gənclərlə təcrübəlilərin vəhdətini yaradacağıq" - "Neftçi"nin baş məşqçisi
Futzal üzrə "Neftçi” İK-nın baş məşqçisi Hacıbala Abdullazadənin azfutzal.az saytının suallarını cavablandırıb.
SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Təyinatınız fasilə ərəfəsinə düşdü və komandanı cəmi 2 oyuna çıxardınız. Necə düşünürsüz, komanda gözləniləndən çox xal itirib?
- Nəticəni qənaətbəxş hesab etmək olar. Çünki fasiləyə üçüncü pillədə çatdıq və liderdən cəmi 2 xal az toplamışıq. İkinci yerdə qərarlaşan "Araz”la isə eyni sayda xala sahibik, sadəcə şəxsi oyunlara görə onlar bizdən üst sırada yer alıblar. Ümumi götürdükdə, rəhbərliyin narazı qaldığı məqamlar var ki, dəyişikliyə əl atıb. İlqar Aslanov zəif məşqçi deyil. İllərdi bu sahədə çalışır, təcrübəli mütəxəssislərimizdəndir. Görünür, EKOL-a böyük hesabla yenilgi planları pozub.
- Bir oyunun nəticəsi baş məşqçinin taleyini həll edib.
- Oyun canlı yayımlanırdı, üstəlik bu komandalar arsında fərq o qədər böyük deyil ki, 0:7 hesabı qeydə alınsın. Digər tərəfdən hər şeyi də məşqçinin üstünə yıxmaq olmaz. Məşqçi taktikanı qurur, tapşırıqları verir, qalır onu icra etmək. İcraçılar üzərlərinə düşəni etmirsə, bunu araşdırmaq lazımdı. Komandanı yığacam, söhbət edəcəm, bunu mütləq aydınlaşdıracam. Oyundan qabaq onlara qışqıra bilməzdim, çünki meydana çıxırdılar. Yanvarın 5-də bir araya gələcəyik. Belə götürəndə tarixi rəqabət aparan 3 komanda var – "Araz”, EKOL və "Neftçi”. Məğlub olmaq olar, ancaq belə heabla yox.Başa düşürəm, "Araz” hər zaman üst sırada olub. Millimiz və məhz bu klub qazandıqları nəticələrlə rəqibləri bizə hörmətlə yanaşmağa məcbur ediblər. Təbii ki, bu işdə federasiya prezidenti Zaur Axundovun, eləcə də baş məşqçi Joze Alesionun, vaxtilə ölkəmizdə çalışmış Tino Peresin zəhməti böyükdür. Mən də 30 ildir futzaldayam və köməyimi heç vaxt əsirgəməmişəm.
- Komandada hansı dəyişikliklər etməyi düşünürsüz?
- Təbii ki, gedən futzalçılar olacaq. Üstünlüyü yerli futzalçılara verəcəyik. Ancaq legionerlərə də ehtiyacımız olacaq. Legioner yerli futzalçıdan mütləq üstün oynamalıdır. Səviyyə baxımından bizimkilərdən seçilməyəcəksə, elə yerli futzalçını oynadaram də.
- Belə çıxır komandadakı legionerlərdən narazısız..
- Komandanı cəmi 1-2 oyuna çıxarmışam. Onları hazırlıq müddətində yoxlayacam. Həmin oyunlar vaxtı komandanı psixoloji baxımdan hazırlamağa çalışdım ki, büdrəməyək. Ümumiyyətlə, iş planım belədir: psixoloji hazırlıq yüksək səviyyədə olmalı, komanda üzvləri fiziki baxımdan büdrəməməlidir.
- Bəs yerli futzalçı tapmaq çətin olmayacaq?
- Aşağı liqada keçirilən oyunları tez-tez izləyirəm. Aralarında diqqətimi cəlb edənləri var. Həm də "Neftçi”nin yerli oyunçuları millidə oynamaq üçün hər zaman hazır olmalıdır. Biz yığma üçün də futzalçı hazırlamalıyıq. Komanda rəhbərliyi də deyib ki, heyətdə gənc oyunçulara üstünlük ver. Gənclərlə təcrübəlilərin vəhdətini yaradacağıq.
- Legionerlərin yerlilərdən üstün olmağının vacibliyini dedinz. Ancaq güclü futzalçılar yaxşı məvacib istəyirlər. Klubun maddi durumu buna imkan verirmi?
- Bunu da fikirləşmişik. Gərək seçim edək, 5 legionerdənsə 3-nü saxlayaq, amma komandaya faydası dəysin. Disklərə baxıb futzalçı seçmirəm. Həm də futzalçıların istəkli olması vacib məqamdı. EKOL-un heyətində legioner yoxdu, amma istəkli olmaları yaxşı nəticələr qazanmalarına köməklik edir.
- Bəs arxada qallan 2 dövrəni necə dəyərləndirirsiniz?
- Təşkilatçılıq baxımından işlər qaydasındadır. Xüsusilə də oyunların canlı yayımlanması müsbət məqamdır. Bu dəfə Yüksək Liqada fərqli reqlament tətbiq olunacaq. Play-off-a 5 komanda namizəddir. Üstəlik, qış fasiləsinə EKOL-un lider yollanması müəyyən tərpənişə səbəb olacaq. Halbuki onlar adətən "Araz”a uduzurdular. Bu gün çempionluğa iddilıdırlar.
- Qışdan sonra fərqli "Neftçi” izləyəcəyik?
- Buna şübhəniz olmasın. Komanda yanvarın 5-də Bakıda toplaşacaq. Hazırlığın əsas hissəsini burada keçirəcəyik. Klubun rəhbəri Sadıq Sadıqovla danışacağıq, icazə versə, kənara da çıxacağıq. İsət klub, istə milli başqa çempionatlarda oynayan komandalarla yoldaşlıq oyunu keçirən zaman inkişaf edəcək. Çünki tanış olmayan rəqiblə qarşılaşırsan.
- Köməkçiniz kim olacaq?
- Köməkçi götürməyə ehtiyac var. Klub rəhbərliyi ilə bu haqda da danışacağıq. Çünki mən həm də millinin məşqçisiyəm. Sabah millinin toplanışına yollanan zaman komanda başsız qalmasın, köməkçi-məşqçi verdiyim proqram əsasında hazırlıq keçsin.