"Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi

Misli Premyer Liqasının 1-ci turu çərçivəsində səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olan debütant "Şəfa"nın baş məşqçisi Zaur Həşimov matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Sportline.az sportal.az-a istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı ümumi fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

"Meydanda daha çox mübarizə aparırdıq. Yaxşı komandaya qarşı oynayırdıq. "Zirə" artıq 6 həftədir ki, məşqlərdədir, bizim fiziki durumumuz isə onlardan daha aşağı səviyyədədir. Buna baxmayaraq, komandamdan narazı qalmadım və futbolçularıma təşəkkür etdim. Bizə sadəcə vaxt lazımdır. Komandanı sıfırdan yığmışıq. İlk məşqdə cəmi 12-13 futbolçumuz var idi. İnanıram ki, vaxt keçdikcə daha yaxşı komanda olacağıq".

- Debütant komanda olaraq transferləriniz çox oldu. Seleksiya işindən razısınız? Bu, elitada qalmağınız üçün kifayət edəcəkmi?

- Ötən mövsüm I Liqada çıxış edən komandadan bəzi futbolçular heyətdə qalıb. Həmçinin həm yerli, həm də əcnəbi oyunçular dəvət etmişik. Bəzi mövqelər üçün yerli futbolçularla danışıqlar aparsaq da, uyğun namizəd tapa bilmədik. Buna görə də rəhbərlik daha çox legionerlərə üstünlük verməyi məqsədəuyğun saydı.

- Komandanın istənilən nəticəni göstərə bilməsi üçün nə qədər vaxt lazımdır?

- Vaxt deyəndə bunu bəhanə kimi səsləndirmirəm. Cəmi bir ay, ay yarımın komandasıyıq. Bu gün "Zirə"yə xal arxasınca gəlmişdik. Biz bütün oyunlara pozitiv yanaşacağıq. Yoldaşlıq matçlarında məğlub olmamışdıq, bu gün ilk dəfə uduzduq. Futbolçuların öz keyfiyyətini və bacarığını tam göstərə bilməsi üçün fiziki cəhətdən istədiyimiz duruma gəlmələri şərtdir. Birinci hissədə də göründü ki, komandadaxili anlaşma hələ ideal deyil. Ancaq bu, hər yerdə rast gəlinən haldır. Bu gün də pis oynamadıq və oyundan-oyuna performansımızı artıracağıq. Əvvəllər millinin oyunları ilə əlaqədar yaranan fasilələr sentyabrın əvvəllərinə təsadüf edirdi və yeni yığılan komandalar həmin aradan səmərəli istifadə edirdi. Bu dəfə isə təqvim fərqli olduğu üçün müəyyən sıxıntılarımız ola bilər.