“Söz verirəm ki, daha yaxşı oynayacağıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Slaviya”ya qalib gəldikləri oyun (0:2) haqda danışıb.

Sportline.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında möhtəşəm nəticə qazandıqlarını deyib:

- Matçın əvvəlində yaxşı pressinq edirdik. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20 dəqiqədə topa 60 faiz sahib olduq. Bu, rəqibin yaxşı təhlil edilməsinin nəticəsi idi. Futbolçularımızın oyun boyu diqqətlərini qorumasını istəyirdik, çünki “Slaviya” kimi rəqiblər fiziki cəhətdən yüksək səviyyədə olurlar. Hesabda önə keçdikdən sonra yenidən hücuma atıldıq. Müəyyən mənada bəxt də bizim tərəfimizdə idi. Möhtəşəm nəticədir. İlk ev oyununda ilk qələbə. Bundan yaxşı nə ola bilər ki?

- İlk qələbə qazanılıb. Niyə də pley-offa ümid etməyək? 

- İstədiyiniz kimi düşünə bilərsiniz (gülür). Hazırda “Qəbələ” ilə səfər matçını və məşqləri düşünürəm. Həmçinin Çempionlar Liqasındakı növbəti oyunu. Azarkeşlərə söz verirəm ki, növbəti matçda daha yaxşı çıxış edəcəyik. Bizi Qəbələyə çətin səfər gözləyir. Bundan sonra “Borussiya” ilə qarşılaşacağıq. Mən heç vaxt konkret nəticə vəd etmirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Hər şeyi yalnız Uca Tanrı bilir. Hazırda mənim üçün əsas olan sabahkı məşq və “Qəbələ” ilə oyundur. Bu dəqiqə yalnız həmin görüşdə qalib gəlmək, yenidən böyük səhnəyə qayıtmaq və uğurlu çıxışımızı davam etdirmək barədə düşünürəm. Başqa heç nəyi fikirləşmirəm.

- Stiv Solve və Eyden Makkarti müdafiənin mərkəzində çox yaxşı tandem təşkil etdilər. Solveni zədəyə görə əvəzlədiniz, yoxsa sarı vərəqəyə görə? 

- Stiv bir aydan çox idi ki, oynamırdı. O, çox ciddi zədə almışdı. Daha tez bərpa olunmasına imkan yaradan yaxşı işə görə “Sabah”ın tibbi heyətinə təşəkkür edirəm. Sadəcə, bu gün onun fiziki göstəriciləri hələ lazımi səviyyəyə çatmamışdı. Buna görə də onu əvəzləməli olduq.

- Çempionlar Liqasında komandanın fiziki vəziyyətini necə qiymətləndirirsiniz? Elə görünürdü ki, bəzi məqamlarda “Slaviya” fiziki cəhətdən sizdən üstün idi. Komandanın belə vəziyyətdə olması “Borussiya” ilə matçda çətinlik yaradacaqmı? 

- Məsələ təkcə fiziki göstəricilərdə deyil. Biz qalib gəldik. Taktiki qərarlar və digər amillər də var. Deyərdim ki, bu gün möhtəşəm oyun nümayiş etdirdik və layiqli qələbə qazandıq.