"Sabah” qol imkanlarından yararlandı, biz isə yox”
Çexiyanın “Slaviya” klubunun yarımmüdafiəçisi Mixal Sadilek UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Sportline.az Çexiyanın “Nova Sport” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu açıqlamasında məğlubiyyətin əsas səbəbi kimi qol imkanlarından yararlana bilməmələrini göstərib:
“Bilmirəm, mənə elə gəldi ki, yaratdığımız qol imkanlarında bir qədər tələsirdik. Lazımi qədər soyuqqanlı deyildik. Rəqib isə əldə etdiyi imkanlardan yararlandı. Təəssüf ki, biz bu oyunu belə təsəvvür etmirdik”.
Çexiya millisinin üzvü komandasının xüsusilə ilk hissədə oyuna nəzarət edə bilmədiyini etiraf edib:
“Bəli, məhz belə idi. Topa çox sahib ola bilmirdik, ən azı birinci hissədə. Yalnız ikinci hissədə, qol buraxdıqdan sonra oynamağa çalışdıq. Amma bu, kifayət etmədi”.
Sadilek Bakıda qələbə qazana bilməmələrinin onları daha çox məyus etdiyini vurğulayıb:
“Bu məğlubiyyət bizi çox məyus edir. Əlbəttə, qələbə qazana bilmədiyimiz hər oyun bizi üzür, amma bu dəfə daha çox. Düşünürəm ki, qol imkanlarımız var idi. Rəqib iki dəfə topu qapı xəttindən çıxardı. Dediyim kimi, çox məyusuq. Onlar imkanlarından yararlandılar, biz isə yox. Bizim göstərdiyimiz oyun kifayət etmədi”.
Qeyd edək ki, “Slaviya” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi ilk iki oyunun hər ikisində məğlub olub.