Hakimlər üçün seminarlara start verilib
Zağulba tədris idman bazasında Azərbaycan Basketbol Federasiyasının yerli hakimlər üçün təşkil etdiyi seminara start verilib.
Sportline.az xəbər verir ki, Hakimlər Komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarda 9 yerli referi iştirak edir.
Ədalət qoruyucuları üçün gündə iki dəfə həm nəzəri, həm də praktiki məşğələlər təşkil olunmaqla yanaşı, onlarla mübahisəli epizodların hərtərəfli təhlili aparılır və dəyişilmiş qaydalar müzakirə edilir.
Bundan əlavə, FIBA-nın təsdiq etdiyi seminarda beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə müəyyən mövzular yerli hakimlərə izah olunur. Seminarın əsas məqsədi tətbiq olunan qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və hakimlərin gələcəkdə Azərbaycan Basketbol Liqası və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, seminara iyunun 30-da yekun vurulacaq.