“Heyəti gücləndirməklə bağlı işlər davam edir” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turu çərçivəsində "Qəbələ" ilə heç-heçə etdikləri matç (0:0) barədə fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, qələbəyə çox istəkli və əks-hücumlarda sürətli oynayan kollektiv var idi. Çempionat göstərir ki, hər oyuna maksimum səviyyədə hazırlaşmalıyıq. Pozitiv düşünərək qarşıdakı matçlara hazırlaşacağıq".

- İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə yaşandı. Onları cəzalandıracaqsınız?

- Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.

- “Sabah” əsas oyunçularının bir çoxunu meydana buraxmadan “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəlmişdi. “Qarabağ” isə bu rəqibə qarşı çətinlik çəkdi. Sizcə, bunun səbəbi nədir?

- “Sabah” üçün də burada oyun asan keçməmişdi. Qolların ikisini son dəqiqələrdə vurmuşdular. “Qəbələ”nin yeni baş məşqçisi var. Yeton Bekirini tanıyıram. Ötən mövsüm Çempionlar Liqasında onun komandasına qarşı oynamışdıq. “Qəbələ” getdikcə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, təbii ki, özümüz də daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var və bu, normaldır. Ümumilikdə çempionatın gedişinə baxsaq, hər turda gözlənilməz nəticələr qeydə alına bilər.

- Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı idi?

- Bəli.

- “Qarabağ” demək olar ki, yüzfaizlik qol imkanları yarada bilmədi. Hücum xəttindəki problemlərin səbəbi nədir?

- Razıyam. Daha yaxşı oynamalı, topa daha çox sahib olmalı və qol imkanları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız və gücümüz var.

- Artıq 18 ildir “Qarabağ”dasınız. Bu müddətdə heyətdə bir neçə dəfə ciddi dəyişikliklər olub. Budəfəki yenilənmə prosesi niyə uğurlu alınmadı?

- Futbol elə oyundur ki, burada daim dəyişikliklər baş verir. Bəzən birdən-birə böyük dəyişikliklər planlarımızın həyata keçməsinə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə məqamı qeyd etmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun nümayiş etdirə bilər. Bu da çempionatın səviyyəsinin yüksəldiyini göstərir.

Bəlkə də, tam istədiyimiz xüsusiyyətlərə malik futbolçuları heyətə cəlb edə bilmədik. Bəzən oyun sistemini futbolçuların xüsusiyyətlərinə uyğun qurmağa çalışırıq. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçularımızın potensialı var. Avrokuboklarda mübarizəni dayandırmağımız bizə psixoloji baxımdan təsir etdi. Bəzi futbolçuların zədələnməsi də rotasiya imkanlarımızı azaltdı.

Daha yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var və bunu gizlətmirəm. “Qarabağ”ın əvvəlki kimi olmayacağını düşünmək düzgün deyil. Daha yaxşı olmağa çalışırıq. Alınmasa belə, bu, əllərimizi yanımıza salacağımız demək deyil. Yaxşı nəticələr qazanmaq üçün mübarizə aparırıq.

- Azarkeşlər “Qarabağ”ı həmişə fərqli görüblər. Sadəcə, bu cür oyunu həzm edə bilmirlər...

- Komanda qalib gələndə daha uğurlu görünür. Transferlərdə səhv etdiyimizi düşünmürəm. Sadəcə, komandanı istədiyimiz dinamik oyuna çatdırmaq üçün bir qədər vaxt lazımdır. İnşallah, hər şey düzələcək. Azarkeşlərimiz ruhdan düşməsinlər. Bəzi fikirlər səsləndiriləndə onların ətrafında çoxlu müzakirələr yaranır və neqativ yanaşma formalaşır. Amma vəziyyət heç də belə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimizi davam etdiririk.

- Adınız “Fənərbaxça” ilə hallanır. Bu xəbərlərə münasibətiniz necədir?

- “Fənərbaxça”ya uğurlar arzulayıram.