İdmançımız dünya ikincisi oldu
Azərbaycan seçməsinin üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib.
AKAF-dan Sportline.az-a verilən xəbərə görə, Diana Dımçenko təsnifat mərhələsində finişə birinci çatıb. İdmançımız 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib. O, təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə Diana əsas final olan A finalına vəsiqə qazanıb.
Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançımız fransalı Cessika Berranı (32.33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. Diana yalnız irlandiyalı Monika Dukarskadan geri qalıb. (32:09.17).
Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə Dünya çempionatında da 2-ci yer tutub.