İlin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi

Avropa Klublar Assosiasiyası  və Avropa Futbol Agentləri Assosiasiyasının birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlər açıqlanıb.

SportLine.az xəbər verir ki, ilin ən yaxşı futbolçu adına namizədlər arasında 6 futbolçu yer alıb. Bunlar Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Lionel Messi (Argentina, "Barselona"), Qaret Beyl (Uels, "Real" ), Antuan Qrizmann (Fransa, "Atletiko"), Ceymi Vardi (İngiltərə, "Lester") və Qonzalo İquaindir (Argentina, "Yuventus").

2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real”la “Sevilya”, İsveç “Molde”si, İngiltərə “Lester”i və Polşa “Legiya”sı iddialıdı. İlin məşqçisi nominasiyasında isə 5 namizəd yer alıb. Bunlar Portuqaliya millisinin çalışdırıcısı Fernandu Santuş, “Real”lı Zinəddin Zidan, “Lester”li Klaudio Ranyeri, həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridir (“Yuventus”).

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.