14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru: Sofiya Sadıqovanın sürət hekayəsi

ABŞ-da kartinq yarışlarında uğurları ilə diqqət çəkən 14 yaşlı azərbaycanlı pilot Sofiya Sadıqova Formula 4 avtomobilinin test mərhələsində uğurla iştirak edərək növbəti böyük hədəfə doğru mühüm addım atıb.

Sofiyanın avtomobil idmanına marağı təsadüfi deyil. O, hələ 9 yaşından kartinq və avtomobil idmanı ilə məşğul olur. Cəmi 11 yaşında 60cc kateqoriyasında Texas çempionu olan Sofiya, eyni zamanda ABŞ-ın Cənub regionunda keçirilən yarışlarda 32 iştirakçı arasında 7-ci nəticəni göstərərək potensialını nümayiş etdirib.

Ötən il isə daha yüksək rəqabət səviyyəsinə keçən gənc pilot Junior 125cc Rotax kateqoriyasında DFW Triple Crown Liqasında mövsümü 2-ci pillədə başa vurub. Texas Kartinq Liqasında isə dəfələrlə podiuma yüksəlib.

Bu nəticələr Sofiyanın artıq sadəcə kartinq həvəskarı deyil, ciddi motorsport karyerasına hazırlaşan perspektivli gənc pilot olduğunu göstərir.

Kartinqdən Formula 4-ə

Kartinqdən Formula avtomobillərinə keçid hər bir gənc pilotun karyerasında mühüm mərhələ hesab olunur. Sofiya bu mərhələyə də inamla qədəm qoyub.

ABŞ-da göstərdiyi nəticələrdən sonra o, Formula 4 avtomobilinin test proqramına dəvət olunub və testi uğurla tamamlayıb. Bu, onun qarşısında daha böyük və beynəlxalq səviyyəli yarışların qapısını aça biləcək mühüm addımdır.

Növbəti böyük hədəflərdən biri isə F1 Academy istiqamətində irəliləməkdir. F1 Academy gənc qadın pilotların kartinqdən peşəkar formula yarışlarına keçidini dəstəkləyən beynəlxalq platformadır.

Sofiya hələ cəmi 14 yaşındadır. Qarşıda onu uzun və çətin yol gözləyir. Lakin onun indiyədək qazandığı nəticələr bu yolun real potensiala malik olduğunu göstərir.

Azərbaycan bayrağı Formula traslarında?

Sofiyanın hekayəsini xüsusi edən yalnız onun yaşı və yarış nəticələri deyil.

O, ABŞ-da yaşayan və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən gənc pilotdur.

Bu gün onun məqsədi sadəcə yarış qazanmaq deyil. Daha böyük arzu Azərbaycan adını dünyanın ən nüfuzlu avtomobil yarışları arenasında tanıtmaq, gələcəkdə Azərbaycan bayrağını Formula traslarında dalğalandırmaqdır.

Bunun üçün isə istedad qədər dəstək də vacibdir.

Motorsport ciddi maliyyə resursları tələb edən sahədir: yarış avtomobili, testlər, mühəndis komandası, avadanlıq, səyahətlər, məşqlər və yarış mövsümü böyük xərclərlə müşayiət olunur.

Bu səbəbdən Sofiyanın qarşıdakı karyera mərhələsində sponsor dəstəyi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan şirkətləri üçün bu, yalnız gənc idmançıya sponsorluq etmək deyil. Bu, gələcəkdə beynəlxalq arenada Azərbaycanı təmsil edə biləcək bir istedadın yoluna şərik olmaqdır.

Bəlkə də illər sonra Formula yarışını izləyərkən Azərbaycan bayrağını podiumda görəcəyik.

Və həmin gün bu hekayənin başlanğıcını xatırlayacağıq: 9 yaşında kartinqə başlayan, 11 yaşında Texas çempionu olan və 14 yaşında Formula 4 avtomobilinin sükanı arxasına keçən Sofiya Sadıqovanı.

Azərbaycanın Formula yolundakı yeni hekayəsi artıq başlayıb.